Billuri Hökümə İbrahim qızı

 

(1926 - 2000)

Şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1984), əmək veteranı (1985).

1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində dəmirçi ailəsində anadan olmuşdur. «Azəri» orta qız məktəbində təhsil almış (1933 - 1943), həmin məktəbdə müəllim saxlanmışdır.

Sovet Ordusu İranda olduğu dövrdə ictimai siyasi fəaliyyətə başlanmışdır. Xəmsə vilayət partiya komitəsinin üzvü olmuşdur. İlk şerlərini orta məktəbdə ikən fars, sonra Azərbaycan dilində yazmışdır. Onun Azərbaycan dilində qələmə aldığı ilk şerləri, «Fəhlə», «Gözlərim», «Sübh açıldı» və s. məqalələri

1945-ci ildə «Azər», «Vətən yolunda» qəzetlərində və «Azərbaycan» jurnalında çıxmışdır. Azərbaycan Demokrat Partiyası Zəncan Filayət Komitəsi təbliğat şöbəsinin sədr müavini və SSRİ ilə İran arasında mədəni rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifəsində işləmişdir (1945 - 1946). Cənubi Azərbaycanda inqilabi hadisələrin fəal iştirakçısı olduğuna görə «21 Azər» medalı ilə təltif edilmişdir.

1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayır. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olmuş, dövri mətbuatda müntəzəm çıxış etmişdir. «Şerlər» (1955), «Azadlıq baharı» (1963), «İthaf» (1970), «Sənin könül otağın» (1980) və b. kitabları Moskva və Bakıda rus dilində nəşr olunmuşdur. ADU-nun filologiya yakültəsini bitirmiş (1952), Azərnəşrdə ədəbi-bədii şöbədə redaktor işləmiş (1952 - 1954), sonra Azərbaycan KP MK nəzdində partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir (1954 - 1956). Bu dövrdə o, iki dəfə Azərbaycan Demokrat Partiyası MK-nın üzvü seçilmişdir.

1956 – 1960-cı illərdə Azərbaycan Demokrat Partiyası MK-nın siyasi orqanı – «Azərbaycan» qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. 1960 – 1963-cü illərdə Moskvada Sov. İKP MK nəzdində olan ictimai Elmlər Akademiyasının bitirmiş, orada «İran Azərbaycanının realist-demokratik ədəbiyyatı» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

1964-cü ildənAzərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və SSRİ medalları ilə təltif edilmişdir.

2000-ci il noyabrın 22-də Bakıda vəfat etmişdir.